jump to navigation

Iqtisadiyyatın simvolu 12/07/2009

Posted by Rovshan Aliyev in Azerbaijani Media.
trackback

-Sən Ayısan? (Siz Ayısınız?)

-Yox, Öküzəm.

Dünyanın bir nömrəli işgüzar kanalı saydığım CNBC televiziyası aparıcısının Amerikanın məşhur bir sərmayəçisinə verdiyi bu suala da,  aldığı cavaba da paxıllığım tutdu. Bu ölkənin mediasında çalışanlar necə xoşbəxtdirlər.  Gəlib yaxalarından tutan yoxdur ki, ayı nədi, öküz nədi… Bura ciddi yerdir. Sən filan-filan uğurlardan danış, ölkəmizi dünyada layiqincə təbliğ elə! Özündən hoqqa çıxarma! Sənə nə deyirlər onu elə! Bir də belə qələt eləsən … Yox, CNBC-də çalışanın da, onu yönədənin də belə  şeylər heç yuxusuna girməz. Paxıllığım tutur. (Mənə deməyin ki, niyə paxıllığın tutur, sən də Amerika mediasında çalışıbsan… Yox, bu başqa söhbətdir. Amerikalıların bizlər və ya əfqanlar üçün yaratdığı media uzaqbaşı Danabaş kəndinin məktəbinə oxşayacaq. Uzağı Danabaş müəllimi kimi gəlib  deyəcəklər ki, bala, burda səhv dedin, at tüklüdü, yox, “bədəni atın örtülübdürrr tük ilə”. Sözüm onda deyil. İmportnı mollaların və avtoritarizm qullarının qulağından uzaq bir yer tapsam bu barədə geniş danışaram.)

Qayıdaq Ayı və Öküzə

Amerika varlılarının az qala yarısı öküzdür, yarısı ayı. Öküzlə ayı bu ölkədə (həm də dünyada) iqtisadiyyatın simvoludu. Bir az işin içində olmayan üçün qısa deyim ki, (qisaldanda təhrif də olur), inkişaf eləmiş ölkələrin hamısında iqtisadi yüksəliş təzə körpülərin, binların sayı ilə ölçülmür.  Mülkiyyət hüququna təminat, bir də başda azad sərmayə bazarı olmaqla hər şeyin öz bazarı – vəssalam. Burda hər kəs sərmayəçi ola bilər. İşin məğzi budur ki, xırda sərmayəçi ya öküzlərə qoşulub səhm alır, ya da ayıların ardınca gedib onu satır. Nəhəng ayılar (Bear) qiymətin belini qırıb onu  salmağa çalışır, kiçik ayılar qiymətin düşəcəyinə inanıb o axına qoşulur; nəhəng öküzlər (Bull) qiyməti qaldırmağa çalışır və kiçik öküzlər o axına qoşulub savaşırlar. Bu savaşda tez-tez bazar silkələnir. Bu bazarı silkələyən, onun üçün bir növ kompas olan şey xəbərlədir. İqtisdiyyat reportyoru canlı bağlantıda xəbər verir ki,  Amerikada ev satışı gözlənildiyindən bir az çox olub. Aləm dəyir bir-birinə. Əvvəlcə  S&P indeksi qəfil qalxır, xammal, xüsusən neft qalxır, əlüstü “safe haven” (dar günün yarağı) deyilən dollar düşür. Reportyor məsələni qurdalayır və üzə çıxarır ki, ev satışı qiymətdəki endirimə görə artıbmış. Yenə çaxnaşma. Bu dəfə S&P düşür, ardınca avro və yen düşür, əksinə dolların kefidir. Belə xəbər və məruzələr  bütün dünyada anbaan izlənir. Bu, sərmayəçi, bankir, strateq, marketmeyker, treyder, spekulyant və sairdən ibarət işgüzar icmaya hava və su kimi lazımdır. Bu mexanizmdən qıraqda da bir böyük iqtisadiyyat var desən, uzaqbaşı köhnə sovet təhsili olan kəmsavad sayıla bilərsən.

Və gələk Azərbaycan iqtisadiyyatına

Emin və ya Adnan kimi bir gənc jurnalistika yolunu tututbsa bir iqtisadiyyat reportyoru da ola bilərdi. Şərt deyil ki, gedib qoşulsun hökumətin xoşlamadığı bir para ünsürlərə. Tutalım o oldu super reportyor. Onda hansı iqtisadi kanalda işləsin, hansı birjadan reportaj versin, hansı məruzənin açıqlandığı yerdən birbaşa yayına çıxsın, hansı sərmayəçidən soruşsun ki, öküzsən yoxsa eşşək… bağışlayın öküzsən yoxsa ayı? (Yox, yönədicilərin özünü çox ciddi, ədəb-ərkanlı saydığı yerdə peşəkarlar uzaqbaşı Kefli İsgəndər ola bilərlər.)

Axı jurnalistin işi ölkəyə, cəmiyyətə, birbaşa dəxli, təsiri olan məsələləri işıqlandırmaqdır. İqtisadiyyatla maraqlanan Azərbaycan jurnalistinin əlinə mən bilən son iki ayda cəmi bircə dənəbelə  xəbər keçib. Eşşək idxalı.

200 min dollarlıq eşşəklər… Amma bu xəbər nə birjaları silkələdi, nə cəmiyyəti, nə …

Deməli, bu iqtisadiyyat, bu cəmiyyət dünydan fərqlidi. Onun özünəmxsus milli yolu var. Bəs bunun adı, simvolu nədir? Ayı deməyin, ciddi deyil, Öküz deməyin, kobuddu. Bəs nə…

Amma xahiş eləyirəm, elə başa düşməyin ki, bu rəmz mütləq heyvan olmalıdı və mən də heyvanların adını çəkməklə fikrinizi yönəltmək istəyirəm.  Xüsusən də bu eşşək məsələsi bu təsəvvürü gücləndirə bilər. Amma mənim heç bir heyvana, xüsusən eşşəyə qarşı qərəzim yoxdu. Bu heyvan tarix boyu millətə nə qədər xidmət eləyib. Bu zəhmətkeş heyvanı Okan Bayülgən uzun illər Zaga verilişində  öz simvolu seçib və bunu da əsaslandırıb.  (Mən Okanı CNN-in Jon Stewart-ından və ya CNBC-nin Conan O’Brien-indən daha istedadlı aparıcı sayıram).

Başqa bir səbəbdən də mən eşşəyi layiqli bir heyvan sayıram. Eşşək uzun illər Birləşmiş Ştatlarda Demokratların simvolu sayılıb. Qısa bir ara onlara Xoruz deyilməsini hesaba almasaq.

Başqa bir səbəb də odur ki,  Corc Oruelin  (George Orwell) Heyvanıstan əsərində  elə ən vicdanlı obraz Eşşək Bencamindi.

Görünür, eşşəyə münasibətdə də cəmiyyətimizin  ayrıca milli yolu var…

Eşşək demişkən

Tələbəliyimdən 20 ilə yaxın keçsə də, müəllilmlərimizlə bağlı iki əhvalat yadımdan çıxmır. Alimlər, yəni akademiklər, elmlər doktorları və sairlər (…aaaa  niyə indiyə qədər “xalq alimi” ağla gəlməyib)  yığışıb məsələ qaldırdılar: eşşək sözünü bir ş ilə yazaq.  Qulu Xəlilov etiraz edir: “Elələri var ki, 15 ş ilə də eşşş…ək desəm ürəyim soyumaz”.

1988-ci il mitinqlərinin təzyiqi ilə o vaxt “xalqın da nümayəndələrini”, o cümlədən Neməti TV-yə çıxarmalı oldular. Amma əvvəldən razılaşdırıldığının əksinə olaraq bu veriliş efirə canlı getmədi. İnsafən, veriliş iştirakçıları söhbətin az qala hamısının efirə getdiyini deyirlər. Söhbətdən yalnız 3 sözlük bir replika ixtisara düşmüşdü. Mitinqin bir tələbi də bu idi ki, Azərbaycanda atlı heykəlləri də qoyulsun. Bizdə niyə at yoxdur? ( Zarafat eləmirəm,bu, xalq adından irəli sürülən bir tələb idi.) Bu tələbə münasibət bildirən MK katibi Rmiz Mehdiyev deyir ki, niyə bizdə var. At da var. Şirməmməd Hüseynov da qayıdır ki:  “eşşəklər daha çoxdu.”

12 iyul 2009

Picture: Courtesy of invisibleman.com

Şərhlər»

1. Treyder - 03/01/2010

“Köhnə sovet təhsili olan kəmsavad” sozu ile raziyam, çoxları eşidəndə ki belə bir bazar var, ilk növbədə soruşduğu bu olur “Bu sahə qumar kimi bir şeydir?” və hətta elələri də var ki istinadla deyir “Forex?-Forex qumar deyil bee”

Xeyr qardaşlarım, mən 3 illik professional bir treyder olaraq deyə bilərəm ki, Forex qumar deyil! Qumarda sadəcə olaraq şans deyilən bir şey var-Ya şans Sənin üzünə gülər, ya da əksi olar.

Amma, FOREX-də belə deyil-FOREX insanın ağlının, zəkasının, təhsilinin, bacarığının və s.-nin əsasıdır.

Mən bu sahə ilə tanış olmamışdan qabaq ali təhsilli bir cahil idim, amma bu gun dünyaya daha geniş aspektdən baxıram və Allaha çox şükür edirəm ki, mən bu sahə ilə taniş olmuşam.

Bu sahədə irəliləmək üçün ilk növbədə təhsil almaq, çoxlu mutaliyə etmək, iradəli və əzmkar olmaq, səbrli olmaq, bilmədiyini bilənlərdən öyrənmək, təcrübəni mütamadi olaraq artırmaq və ən əsası etibarlı BROKER şirkətləri ilə çalışmaq.


Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.